Rusiyanın Qara dəniz sahilində yerləşən və ölkənin ən böyük neft ixrac məntəqəsi hesab olunan "Şesxaris" (Şeskharis) neft terminalı iyulun 21-i səhər saatlarından etibarən tankerlərə xam neft yüklənməsini dayandırıb.
Hafta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, terminalda yükləmənin dayandırılmasının rəsmi səbəbi açıqlanmayıb. Lakin bu hadisə son dövrlərdə Ukraynanın Qara dənizdə gəmilərə və liman infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarının intensivləşdiyi bir vaxta təsadüf edir.
Qeyd olunur ki, əlverişsiz hava şəraiti bəzən "Şesxaris" terminalında yükləmə prosesinə mane olur. Ancaq bölgədə fırtına xəbərdarlığı yalnız iyulun 23-ü axşam saatlarında qüvvəyə minib. Bu isə terminalda son neft yüklənməsinin başa çatmasından iki gün sonraya təsadüf edir.
Terminalın operatoru olan "Transneft" şirkəti Bloomberg-in sorğusunu cavablandırmayıb.
Agentliyin məlumatına əsasən 2026-cı ilin əvvəlindən etibarən "Şesxaris" terminalı vasitəsilə gündə orta hesabla təxminən 650 min barel xam neft ixrac olunurdu.
"Bloomberg" bildirir ki, terminalın fəaliyyətinin uzun müddət dayanması artıq Yaxın Şərqdəki münaqişənin təsiri altında olan qlobal neft bazarında əlavə təzyiq yarada bilər./modern/